Bərdə rayonunda aşkarlanan at ətinin müayinəsi başa çatıb, istifadəyə yararsız ət zərərsizləşdirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli   LİMAN.AZ – a bildirib ki, aprelin 27-də Bərdə Rayon Polis Şöbəsi və Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçirilib. Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazimatlar aşkarlanıb.

Şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ümumi çəkisi 125 kq olan şaqqalara bölünmüş at cəmdəyindən götürülən nümunələrin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyənləşib.

Ekspertizanın nəticəsi nəzərə alınaraq, insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, H. Quliyevə məxsus xüsusi ərazidə aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş şaqqalara bölünmüş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq mayın 1-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Bərdə rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Bərdə Rayon Polis Şöbəsinə göndərilib.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin