“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan ən yeni sakin 3 günlük körpədir.

Teleaparıcı İlhamiyyə Rza şəxsi Feysbuk səhifəsində bu körpənin fotosunu paylaşdı. Milli.Az xəbər verir ki, həmin körpənin nədən sığınacağa ehtiyacı olmasını araşdıran lent.az ilginc məlumatlar əldə edib.

Məlum oldu ki, bu balacanı dünyaya gətirən Göyçək Mürşüdova doğumuna 10 gün qalmış əri tərəfindən evdən qovulub. İkinci dəfə ana olan qadınsayta acı həyat hekayətini danışıb. Bu qadının gənc yaşında başı çox dərd çəkib:

– 1984-cü il ildə Lerik rayonunun Piran kəndində dünyaya gəlmişəm. Piran kənd orta məktəbində isə cəmi 5 sinif oxuya bildim. 33 yaşım var. Ərim məni evdən qovub deyə sığınacağa gəldim. Qalmağa yerim yox idi. Valideynlərimin razılığı olmadan yoldaşımla qaçıb ailə qurduq. İndi onların da yanına qayıtmağa üzüm yoxdur.

Göyçək və əri Rüfət Mürşüdov 2014-cü ildə tanış olub, həmin il də ailə qurublar. Rəsmi nikahları isə olmayıb. Özü bu barədə belə deyir:

– Zavodda bir yerdə işləyirdik. Elə orda da tanış olduq. Valideynlərim evlənməyimizə razı olmadı deyə qaçırtdı məni. Rəsmi nikahımız yoxdur. Mən istəsəm də, ərim rəsmi nikaha girməkdən boyun qaçırırdı. Ailəsinin yanında yaşadıq. Təzə-təzə məni gəlin kimi qəbul etdilər, amma axır vaxtlar yola getmirdilər. İstəmirdilər artıq. Bir qızım da var, Rəvanə. 3 yaşındadır. İndi isə oğlum olub.

Ən dəhşətlisi odur ki, həyat yoldaşı Göyçək evdə ola-ola onun üstünə başqa qadın gətirib, bunu da evdən qovub:

– Ərim özünə təzə arvad gətirdi. Qızımı əlimdən alıb, məni də hamilə ola-ola bayıra atdılar. İndi qızımı mənə vermirlər.

Bu qadının gələcəyi isə ciddi sual altındadır. Birliyin rəhbəri Mehriban Zeynalova sözügedən sayta açıqlamasında bildirib ki, G.Mürşüdova hazırda reabilitasiya mərhələsindədir:

“Bütün gücümüzlə Göyçəyə kömək etməyə çalışırıq. Bizə gələndə doğumuna az qalmışdı. Sancıları tutanda sığınacaq adından doğum evinə göndəriş yazdıq. Buna görə dəqadının bütün doğum xərclərini dövlət öz üzərinə götürdü. Doğuşdan sonra sığınacağa qayıtdı. Hələ gələcəklə bağlı nə planlarının olduğunu dəqiq bilmirik. Bütün hallarda o, anlamalıdır ki, ayaq üstündə qalmağı bacarmalıdır. Təbii istəsə qızını da atasından geri ala bilər. Amma bu qərarı yalnız Göyçək özü verə bilər. İndi bizdə psixoloqlarla söhbət edir. Bu psixoterapiyadan sonra daha dəqiq biləcəyik ki, o, nə etmək istəyir? İndiki halda isə lazım olan dəstək göstərilir”.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin