“Müəllim indidən bilməlidir ki, onu gələcəkdə nə gözləyir”.
Azərbaycanda müəllimlərlə bağlı müəyyən problemlər var. Ölkədə kadr təminatı, müəllim hazırlığı sahəsində nöqsanların olması hər kəsə məlumdur. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında bu məsələlərin aradan qaldırılması üçün müəyyən məsələlər əks olunub və zamanla müəyyən işlər həyata keçiriləcək.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Salyan şəhərində keçirilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, strategiyada müəllim tərkibinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı işlər əksini tapıb.
F.Qədirov qeyd edib ki, strategiyaya əsasən ölkədə müəllimlərin sertifikasiya, attestasiyası nəzərdə tutulub:
“İndiyə kimi sistemli şəkildə bu iş aparılmayıb və təcrübə yoxdur. Təhsil Nazirliyi hazırda müəllimlərin sertifikasiya üzrə mexanizm hazırlayır. Dünya təcrübəsinə uyğun olaraq ilkin mərhələdə bütün müəllimlərin fəaliyyəti qiymətləndiriləcək. Ona görə ki, biz ilk növbədə harada, hansı vəziyyət və səviyyədə olduğumuzu bilməliyik.
Bu qiymətləndirmədən sonra müəyyən təlim proqramları işlənəcək və müəllimlər təlimlərdən keçiləcək. Bu da müəllimlərin çatışmayan cəhətləri aradan qaldırmağa xidmət edəcək. Növbəti bir qiymətləndirmə isə əvvəlkindən bir qədər fərqli və daha ciddi olacaq. Bunun nəticəsinə görə müəllimlərin differensial əmək haqqı sisteminə keçid mümkün olacaq.
Və yüksək nəticə göstərən müəllimlərin əmək haqqı artırılacaq. Bu qiymətləndirmədən keçməyən və ya aşağı nəticə göstərənlərə şans verilir ki, öz bacarıq və biliklərini artırsın. Növbəti illərdə onlar yenidən yoxlamadan-qiymətləndirmədən keçə bilərlər.
Növbəti 3 il ərzində müəllim qiymətləndirmədən keçməsə onun əmək haqqı artırılmır və bu, onun gələcək fəaliyyəti ilə sualların yaranmasına və müəyyən qərarların qəbuluna şərait yaradır”.
F.Qədirov qeyd edib ki, növbəti qiymətləndirmə mərhələsində yenidən iştirak etmək istəyən və daha uğurlu nəticə göstərən müəllimlər “Müəllimlərin müəllimi”, “Baş müəllim”, “Peşəkar müəllim” kimi dərəcələrin verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu səviyyəyə çatandan sonra müəllimlər daha yüksək əmək haqqı alacaqlar:
“Bir sözlə, Azərbaycan bu məsələ ilə bağlı öz modelini və formasını seçəcək. Lakin müəllim indidən bilməlidir ki, onu gələcəkdə nə gözləyir. Gələcəkdə bu meyarlara cavab verməyən müəllimlər məktəblərdə işləyə bilməyəcəklər. Bunu zaman, Azərbaycanın inkişafı və dünya ölkələri ilə müqayisədə mövcud olan rəqabət tələb edir”.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin